Koronavirusa görə milli çempionatların dayandırılması futbol klublarının maliyyə sistemində böyük problemlər yaradır. Futbolçuların maaşlarını vaxtında və tam həcmdə ödəmək, daxili çətinliklərin qarşısını almaq mümkün olmadığından komandaların maliyyə böhranı daha da güclənir. Bunlardan biri də Türkiyənin “Fənərbağça” klubudur.
Türkiyə mətbuat yazır ki, komandanın bəzi futbolçulara ümumən 130 milyon avro borcu yaranıb. Ötən mövsümdən yerli futbolçulara 60 milyon avro, yəni 450 milyon türk lirəsindən çox məbləğ ödənilməyib. Bu ildən yaranan iqtisadi çətinliklər, üstəlik son 3 ayda futbolçuların məvacibi verilmədiyindən klubun borcu 130 milyon avroya çatıb. Müqaviləyə əsasən bu pulu öz sahiblərinə ödəmək üçün “Fənərbağça”nın 2 ay vaxtı qalıb.
İstanbul klubu çətinlik çəkdiyi halda, “Trabzonspor” müəyyən qazanc əldə etməyə nail olub. Belə ki, komanda 9 ay ərzində büdcəsinə 23 milyon avro, təxminən 175 milyon türk lirəsi qənaət edib. Bu barədə klub prezidentinin köməkçisi, komandanın maliyyə işlərinə məsul olan Ərtoğrul Doğan şəxsi “tvitter” hesabında xəbər verib. O, qeyd edib ki, indiki çətin vəziyyətdə “Trabzonspor”un da problemləri yaranacaq. Onların qarşısını almaq məqsədilə futbolçular maaşların azaldılmasına razı olub.